Təkliflərin hazırlanması və izlənməsi
Satış ekranında təklif saxlayın, A4 təklif sənədini çap edin və ya keçidlə göndərin, təklifləri statusa görə izləyin və sifarişə və ya satışa çevirin.
Təklif müştəriyə verdiyiniz qiyməti qeyd etməyə və sonra tapmağa imkan verir. Təklif stokdan çıxılmır, hesabatlara düşmür; nömrəsi, etibarlılıq tarixi və statusu ilə Sifarişlər / Təkliflər səhifəsinin Təkliflər bölməsində saxlanılır. Təkliflər sifariş modulunun içindədir; modul bağlıdırsa, əvvəlcə Profilim › Digər ayarlar bölməsindən Sifariş / Təklif modulunu açın.
Təklifin hazırlanması
Məhsulları və müştərini seçin
Satış ekranında məhsulları əlavə edin, lazım olsa sətir və çek endirimi daxil edin. Təklifdə müştərinin adı, ünvanı və vergi məlumatı görünsün istəyirsinizsə, müştərini seçin. Qeyd sahəsinə yazdığınız mətn təklifdə Açıqlama kimi çıxır (məs. çatdırılma müddəti).
Təklif kimi saxlayın
Ödəniş düymələrindən Digər düyməsinə basıb Təklif kimi saxla seçin. Təklifə il ərzində ardıcıl nömrə verilir (məs. TKL-2026-0001) və çek təmizlənir.
Sənədi çap edin və ya PDF alın
Saxladıqdan sonra yuxarıdakı yaşıl Təklif saxlanıldı yazısına klikləyin. A4 təklif sənədi açılır; Çap et / PDF kimi saxla ilə çap edin və ya printer kimi "PDF kimi saxla" seçərək PDF faylı alın.

Təklif standart olaraq 15 gün etibarlıdır; bu müddəti Təklif ayarları bölməsindən dəyişə bilərsiniz. Etibarlılıq tarixi keçmiş və hələ qəbul və ya rədd edilməmiş təklif siyahıda Müddəti bitib kimi görünür.
Təkliflərin izlənməsi
Sol menyudakı Sifarişlər / Təkliflər səhifəsində yuxarıdakı Təkliflər bölməsinə keçin, tarix aralığını seçib Siyahıla düyməsinə basın. Status düymələri ilə Hazırdır, Göndərildi, Qəbul edildi, Rədd edildi və Müddəti bitib təklifləri ayrıca görürsünüz.

- Statusu dəyişmək üçün sətirdəki status etiketinə klikləyib yeni statusu seçin.
- Sətrin sonundakı sənəd işarəsi A4 təklif sənədini açır.
- Müştəri keçidi açıbsa, statusun altında Müştəri açdı yazılır.
- Müddəti yaxınlaşan düyməsi hazır və ya göndərilmiş, etibarlılığının bitməsinə 3 gün və ya daha az qalan təklifləri göstərir. Belə təklif varsa, Təkliflər bölməsinin yanında saat işarəli rəqəm görünür; klikləyəndə bu təkliflər siyahılanır.
- Siyahının üstündə seçdiyiniz tarix aralığındakı ümumi məbləğ, qəbul edilən təkliflərin məbləği və Qəbul faizi (qəbul edilən təkliflər ÷ qəbul edilən, rədd edilən və müddəti bitən təkliflər) yazılır.
Təklifin detalları
Təklif nömrəsinə klikləyəndə detallar açılır. Təklif Məlumatları bölməsində status, etibarlılıq (neçə gün qaldığı ilə), revizya və müştərinin keçidi açıb-açmadığı görünür. Statusu, etibarlılıq tarixini və endirimi Redaktə et ilə dəyişirsiniz; məhsulların miqdar və qiymətlərini aşağıdakı siyahıdan yeniləyirsiniz. Müştəri keçiddən cavab veribsə, Müştəri cavabı qutusunda görünür. Valyutada təklifdə Redaktə et-də valyuta və məzənnə də var.

Təklifin müştəriyə göndərilməsi
Detalların yuxarısındakı Müştəriyə göndər düyməsinə basın. Təklifə xüsusi keçid yaranır; onu WhatsApp ilə göndər, E-poçt ilə göndər və ya Kopyala ilə müştəriyə çatdırın. Müştəri kartında telefon və e-poçt varsa, alıcı avtomatik gəlir. Müştəriniz keçiddən təklifi daxil olmadan görür, çap edir və ya PDF kimi yükləyir.

- Göndərdiyiniz təklif Hazırdır statusundadırsa, Göndərildi olur.
- Müştəri keçidi açanda vaxtı Təklif Məlumatlarında görünür.
- Təklifi revizə etsəniz, eyni keçid son revizyanı açır; yenidən göndərmək lazım deyil.
- Müddəti bitmiş və ya rədd edilmiş təklifdə müştəri bunu sənədin yuxarısında görür.
Müştərinin təklifi təsdiqləməsi
Müştəriniz keçidi açanda sənədin üstündə Bu təklifi təsdiqləyirsiniz? sualını görür. Təklifi təsdiqlə düyməsini basıb adını yazır və ya Rədd et seçir; istəsə qeyd də əlavə edir. Cavab gələndə təklifin statusu avtomatik Qəbul edildi və ya Rədd edildi olur və telefonunuza bildiriş gəlir.

- Siyahıda statusun altında Müştəri təsdiqlədi və ya Müştəri rədd etdi yazılır. Kimin, nə vaxt cavab verdiyi və qeydi Təklif Məlumatlarındakı Müştəri cavabı qutusunda görünür.
- Təsdiqlənən təklifin sənədində imza sahəsinin altında Onlayn təsdiqləndi sətri çap olunur.
- Müştəri təklifə bir dəfə cavab verə bilər. Müddəti bitən, revizə edilən və ya sifarişə çevrilən təklifdə düymələr görünmür.
- Müştərilərin keçiddən cavab verməsini istəmirsinizsə, Təklif ayarları-nda Müştəri təklifi keçiddən təsdiqləyə bilsin seçimini söndürün.
Təklifin revizə edilməsi
Müştəri sövdələşəndə və ya məhsullar dəyişəndə təklifi silməyin, revizə edin. Detallarda Təklif › Revizə et seçin: təklifin surəti eyni nömrə ilə Rev.2 kimi açılır, qiymət və məhsulları orada dəyişirsiniz. Köhnə revizya olduğu kimi saxlanılır; siyahıda yalnız son revizya görünür, köhnələrə Təklif Məlumatlarındakı Revizya qutusundan keçə bilərsiniz.
Təklifin kopyalanması
Eyni məhsullarla başqa müştəriyə təklif vermək üçün təfərrüatda Təklif › Kopyala (yeni təklif) seçin. Məhsullar endirimləri ilə birlikdə satış ekranında yeni çekə gəlir; müştərini seçib Digər › Təklif kimi saxla ilə yeni nömrəli təklif yaradın.
Sifarişə və satışa çevirmə
Müştəri təsdiqləyib, amma məhsullar hələ hazır deyilsə, Təklif › Sifarişə çevir ilə təklifi sifarişə çevirin: qeyd Sifarişlər bölməsinə keçir, sifariş detallarında hansı təklifdən yarandığı yazılır. Dərhal satış edəcəksinizsə, Satışa çevir düyməsindən istifadə edin; satış saxlananda təklif avtomatik Qəbul edildi olur. Faktura lazımdırsa, onu adətən olduğu kimi satışdan yaradın; beləliklə stok və hesabatlar düzgün qalır.
Valyutada təklif
Təklifi dollar, avro kimi valyutada verə bilərsiniz. Təfərrüatda Redaktə et düyməsini basıb Təklif valyutası-ndan valyutanı seçin; Məzənnə sahəsinə bugünkü məzənnə gəlir, istəsəniz dəyişin. Təklifləri həmişə eyni valyutada verirsinizsə, Təklif ayarları-ndan Standart valyuta seçin; yeni təkliflər həmin valyutada və bugünkü məzənnə ilə hazırlanır.

- Təklif sənədində, müştəri keçidində və təklif təfərrüatında qiymət və məbləğlər təklifin valyutasında görünür; sənədin üstündə valyuta və məzənnə yazılır. Təfərrüatda qiymətləri də valyutada daxil edirsiniz.
- Siyahıda məbləğ hesabınızın valyutasında, altında kiçik şəkildə valyutada görünür.
- Məzənnəni dəyişsəniz, valyutadakı qiymətlər eyni qalır, hesab valyutasındakı məbləğ yeni məzənnə ilə hesablanır. Revizə edəndə yeni revizya bugünkü məzənnə ilə açılır.
- Təklifi sifarişə və ya satışa çevirəndə qiymətlər bugünkü məzənnə ilə hesabınızın valyutasına çevrilir. Satış, stok və hesabatlar həmişə hesabınızın valyutasında saxlanılır.
Təklif şərtləri və etibarlılıq müddəti
Təkliflər bölməsindəki Təklif ayarları ilə bunları bir dəfə ayarlayırsınız:
- Standart etibarlılıq müddəti (gün) və Standart valyuta.
- Təklif şərtləri: ödəniş şərtləri, çatdırılma müddəti, ƏDV məlumatı kimi. Hər təklif sənədinin altında Təklif şərtləri başlığı ilə çap olunur.
- Təklif sənədində məhsul şəkilləri: məhsul adının yanında məhsul kartındakı şəkil çap olunur.
- Müştəri təklifi keçiddən təsdiqləyə bilsin: müştəri keçidindəki təsdiq və imtina düymələri.
Bu ayarları hesab sahibi və admin işçilər dəyişə bilər.

Təkliflər sifariş siyahısında və müştərinin hesab çıxarışında görünmür. Təklifin saxlanması sifariş yaratma icazəsi tələb edir; statusun dəyişməsi, revizə və çevirmə sifarişi redaktə etmə icazəsi tələb edir.
Təkliflər veb paneldən və mobil tətbiqdən hazırlanır. Masaüstü tətbiqdə təklif saxlanılmır.
Təklifin hazırlanması
Satış ekranında məhsulları və müştərini seçin, ödəniş düymələrindən Digər toxunun və Təklif kimi saxla seçin. Təklifə nömrə verilir, stok çıxılmır.
Təkliflərin izlənməsi
Menyu › Sifarişlər bölməsində yuxarıdakı Təkliflər keçin, tarixi seçib Siyahıla toxunun. Siyahıda təklifin statusu, etibarlılıq tarixi və müştərinin açıb-açmadığı görünür.
Təklifə toxunanda detallar açılır. Status və Etibarlılıq qutularına toxunaraq dəyişirsiniz. Əməliyyatlar menyusundan:
- Müştəriyə göndər: təklif keçidini WhatsApp, e-poçt və ya istədiyiniz tətbiqlə paylaşır; təklif Göndərildi olur.
- Təklif sənədi (PDF): müştərinin görəcəyi sənədi açır, onu PDF kimi saxlayıb paylaşa bilərsiniz. Sizin açmağınız "müştəri açdı" sayılmır.
- Revizə et, Sifarişə çevir və Satışa çevir veb paneldəki kimi işləyir.
- Müştəri keçiddən cavab veribsə, siyahıda və təfərrüatda Müştəri təsdiqlədi və ya Müştəri rədd etdi yazılır.
- Valyutada təklifin təfərrüatında valyuta və məzənnə görünür. Valyutanı və məzənnəni, təklifin kopyalanmasını və təklif ayarlarını veb paneldən edirsiniz.